Şənbə , İyul 22 2017

Son zamanlar bəzi insanların İslam əxlaqı haqqında yalnış düşüncələrə sahib olduğu məlumdur. Şübhəsiz ki, bu hal din əxlaqı haqqında məlumat əskikliyindən, yaxud səhv məlumatlara yiyələnməkdən qaynaqlanır. Bu düşüncədə olan kəslərə “din əxlaqına tabe olanların təzyiq altında yaşayacağı” təlqin edildiyi üçün bu üstün əxlaqın gətirəcəyi gözəllikləri təqdir edə bilmirlər. Halbuki uca Rəbbimizin Quranda bildirdiyi əxlaq təzyiqdən və məcburiyyətdən uzaq, sevgiyə, hörmətə, ədalətə əsaslanan üstün əxlaqdır. İslam tarixi dəyərli Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) və digər böyüklərimizin fərqli inanclara sahib olan insanlara qarşı göstərdikləri gözəl əxlaq nümunələri ilə zəngindir.


İslamın təməli olan və bütün müsəlmanlara  rəhbər olaraq endirilən Quranda bildirilən əxlaq sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır. Buna görə də, İslam hər cür təzyiq, məcburiyyət və çətinliklərin qarşısını alan yeganə həll yoludur. Lakin bəzi cəmiyyətlərdə İslam əxlaqını bilməməkdən qaynaqlanan yanlış düşüncələr ucbatından bu gerçək gözardı edilir və İslam əxlaqı cəmiyyətin rifahı üçün əngəl olaraq təqdim edilməyə çalışılır. Halbuki İslam əxlaqına uyğun olaraq yaşayan cəmiyyətdə:

* Təzyiq deyil, rahatlıq, sevgi və hörmət hakim olar.

* Çox nəzakətli, incə düşüncəli, təvazökar, ədalətli, etibarlı, ətrafına hüzur və sevinc bəxş edən insanlar yetişər.

* Fərqli inanc, yaxud düşüncəyə sahib olan kəsləri dövlətin bütünlüyünə və cəmiyyətin dincliyinə xələl yetirmədikcə  sahiblənmək lazımdır. Bu insanlarla gərginlik yaradılmaz. Fərqli düşüncəyə, yaxud həyat tərzinə sahib olan kəsləri özündən uzaqlaşdırmaq cahillikdən qaynaqlandığı üçün doğru davranış deyildir.

İslam əxlaqının bu təsiri dünyada necə meydana gəlir?

Keçmiş dövrlərdə İslam əxlaqının  bu müsbət təsiri cəmiyyətləri necə işıqlandırmışdır?

Sülh və təhlükəsizliyin qaynağı: İslam əxlaqı

Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi kitabdır. Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın təməlini isə sevgi, şəfqət, ədalət və mərhəmət kimi anlayışlar təşkil edir. “İslam” sözü ərəbcə “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam dini Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi hüzur və sülh dolu həyatı insanlara təqdim etmək üçün endirilmiş dindir. Quran ayələrində insanlar yer üzündə mərhəmətin, şəfqətin və sülhün yaşanacağı yeganə həyat tərzi olan İslam əxlaqına çağırılır. Bəqərə surəsinin 208-ci ayəsində belə buyurulur:

“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!”

Ayədə Rəbbimiz insanların təhlükəsizliyinin və sülhün Quran əxlaqının yaşanması ilə təmin ediləcəyini bildirir. Quran əxlaqına görə imanlı şəxs Müsəlman olan və ya olmayan bütün insanlara qarşı gözəl və ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla, “yer üzündə təxribatın qarşısını almaqla” məsuldur. Təxribat törətmək – yer üzündə insanların təhlükəsizliyini, sülh və dincliyi ortadan qaldıran hallardır. Hür iradəyə, düşüncə və inanc azadlığına sahib olan insanlara təzyiq etmək də İslam əxlaqına uyğun olmayan və cəmiyyət içində təxribat törədən davranışdır. Buna görə də “…Allah isə fitnə-fəsadı sevmir” (Bəqərə surəsi, 205)hökmünə əsasən müsəlmanlar bu yanlış  davranışdan çəkinirlər. Əksinə müsəlmanlar cəmiyyətin dincliyini pozan şəxsləri və fəaliyyətləri fikri mübarizə ilə önləməklə, yaxşılığı əmr edib pislikdən çəkindirməklə, “yer üzündəki fitnəni” ortadan qaldırmaq və bütün insanlara sülh şəraiti təmin etməklə məsuldurlar. Allahdan qorxan insanın dövlətinə, millətinə, insanlığa ən kiçik zərər toxunduracaq bir hərəkətə belə vəsilə olmağının və ya göz yummağının mümkün olmayacağı məlumdur.

Haqqı batil, batili haqq göstərmək dəccalın oyunudur

Axır zamanda insanları inkara yönəldən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq çıxaran hər cür ideologiya və düşüncə sistemi hədislərdə  yer üzündə pisliyin rəmzi olaraq bildirilən Dəccalı təmsil edir. Dəccal sözünün  mənalarından biri də “haqq ilə batili qarışdıran, sözü bəzəyib batili haqq göstərən”dir. Dəccalın doğrunu səhv, səhvi doğru, yaxşını pis, pisi yaxşı göstərdiyinə işarə edən hədislərdən bəziləri bu şəkildədir:

“Sonra Dəccal çıxacaq, yanında bir çay və bir atəş olacaq. (Onu inkar edib) Atəşinə düşənin savabı vacib olacaq, (ona iman edib) çayına düşənin isə günahı vacib olacaq” 1

“Şübhəsiz,yanında bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) olmağı da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir…” 2

Hədislərdə də ifadə edildiyi kimi, Dəccalın insanlara yaxşı olaraq tanıtdıqları, əslində, onların əleyhlərinə, hətta fəlakətlərinə səbəb olacaq şeylərdir, onlara pis kimi göstərdiyi dəyərlər isə, əslində, onların xeyrinə və mənfəətinədir.Lakin insanların bəziləri, hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə görə dəyərləndirmədikləri üçün Dəccalın yaxşılığa çağırdığını sanaraq ona tabe olacaq və xeyirdən   üz döndərəcəklər. Bunun nə qədər böyük səhv olduğunu isə Dəccalın meydana gətirdiyi zülm sayəsində anlayacaqlar. Bu səbəblədir ki, Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmiş və Dəccalın pis olaraq göstərdiyi hər şeyin yaxşı olduğunu bilərək hərəkət etməyin vacibliyini bildirmişdir:

“Dəccal çıxar. Yaxınlığında su və atəş olar. İnsanların su olaraq gördüyü yandırıcı atəşdir. İnsanların atəş olaraq gördükləri də soyuq və şirin sudur. Sizdən hər kim bunu idrak etsə atəşi seçsin; özünü atəşə atsın. Əslində, o şirin və gözəl sudur.” 3

Əlbəttə,Dəccalın bu hiyləsini ən çox istifadə edəcəyi mövzulardan biri din əxlaqını pis, pisliyin qaynağı olan Dəccaliyət sistemini yaxşı göstərməsi olacaq. Quran əxlaqını kifayət qədər bilməyən, yaxud yaşamayan insanlar  fərqində olmadan Dəccalın din əleyhində apardığı bu təbliğin təsirində qala bilər, İslam əxlaqı haqda əsassız və yanlış düşüncələrə qapıla bilərlər.

Dəccalın diqqət çəkən xüsusiyyətlərindən biri də  “yaxşılıq etmək məqsədində olduğu” yalanını söyləməsidir. Hədislərdə bildirildiyinə görə Dəccal yer üzündə pisliyi yaymağı hədəfləməsinə baxmayaraq, insanların yaxşılığını istədiyini iddia edəcək. Şübhəsiz ki, bu böyük yalandır. Səmimi olaraq iman edənlərin Dəccalın din əxlaqından uzaq həyata, əxlaqsızlığa və pisliyə olan bu çirkin dəvətinə qarşı verəcəkləri cavab isə qətidir. Ayədə belə bildirilmişdir:

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey-lərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” – (deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik­?” De: “Ancaq Alla-hın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. (Ənam surəsi, 71)

Mənbə:
1. Əbu Davud, Fitən 4244, 2/497; İbni Əbi Şeybə, Musannəf, Fitən: 5, 8/591
2. İbn-i Macə, 4075, 4076; Tirmizi, Fitən: 59, no. 2240, 4/510
3. Müslim; Böyük fitnə Mesih-i Dəccal, Saim Güngör,  s. 13

İslam əxlaqında inanc azadlığı əsasdır

İnsanları bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur etmək İslam əxlaqına ziddir. Çünki İslamda səmimi iman, azad iradə və vicdanla qazanılır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda bildirilən əxlaqi xüsusiyyətləri tətbiq etməyə təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə izah edilməsi və ya xatırladılması, bütün iman edənlərin  məsuliyyətidir.

Lakin iman edənlər  “… Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et…” (Nəhl surəsi, 125) hökmünə əsasən  din əxlaqının gözəlliklərini izah edər, ancaq “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir…” (Bəqərə surəsi, 272) ayəsinin də şüurunda olarlar. Əsla məcbur etməz, insanlar üzərində maddi, yaxud mənəvi təzyiq tətbiq etməzlər. Və ya qarşılığında dünyəvi mənfəətlər təklif edərək, insanları din əxlaqını yaşamağa yönəltməzlər. Çünki uca Allahın bildirdiyi ibadətləri yerinə yetirmək və ya yetirməmək, iman edib-etməmək insanın şəxsi qərarıdır. Allah Quranda iman edənlərə belə buyurmuşdur:

“Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!” (Qaf surəsi, 45)

Bundan əlavə insanların ibadət etməyə məcbur edildiyi cəmiyyət modeli Allah qatında da məqbul olmaya bilər. Çünki inanc və ibadət, yalnız Allaha yönələrək, insanın öz seçimi ilə olsa dəyərli olar. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə,  insanlar o sistemdən qorxduqları üçün görünüşdə dindar ola bilərlər. Din əxlaqı baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir…” (Bəqərə surəsi, 256)

İslamda məcburiyyət və təzyiq yoxdur

İslam, insanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan dindir. Uca Allah insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında pis danışmağı və hətta mənfi düşüncəni (zənn) belə qadağan edən hökmlər endirmişdir. Bütün nöqsanlardan münəzzəh olan Rəbbimiz şiddəti  qadağan etdiyi kimi, insanlar üzərində fikri olaraq  ən kiçik təzyiq tətbiq etməyi belə qadağan etmişdir:

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir…” (Bəqərə surəsi, 256)

“(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.” (Ğaşiyə surəsi, 21)

Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) həyatından gözəl əxlaq nümunələri

Möminlər ancaq xoşniyyətli, sülhsevən və ədalətli davrandıqları zaman Allahın razılığını qazanacaqlarını bilirlər. Peyğəmbərimiz (s.ə.v) də  İslam əxlaqının yayılması üçün cəhd edərkən bütün  insanlara qarşı bərabər və xoşniyyətli davranmışdır.

Hz. Muhəmmədə (s.ə.v) peyğəmbərlik vəzifəsinin verildiyi dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai nizamında bir çox problemlər var idi. “Cahiliyyə dövrü” olaraq adlandırılan İslamiyyətdən əvvəlki bu dövrdə irqlər, dinlər və fərqli düşüncədən olan insanlar arasında  ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narahatlıqlar, fərqli dinlərə mənsub olan qövmlər arasında münaqişələr, tayfa müharibələri, ədalətsiz iqtisadi nizam, soyğunlar, zəngin və kasıblar arasında çox böyük uçurumlar və daha bir çox ədalətsizliklər mövcud idi. Ədalət hakim deyildi, zəif olanlar güclü və zənginlər tərəfindən əzilir, insanlar irq, din, dil və həyat tərzinə görə zülmə məruz qalırdılar.

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) bü cür cahil bir qövmə doğruları izah etmək və onları gözəl əxlaqa dəvət etmək üçün göndərilmişdir. Hz. Muhəmmədin (s.ə.v) təbliği və gözəl əxlaqı bütün Ərəbistan yarımadasında çox böyük təsir yaratmış və onun dövründə insanlar kütləvi şəkildə İslamı qəbul etmişlər. Quranda bildirilən ədalətli hökmlər, gözəl əxlaq, xoşniyyət və sülh, ictimai həyata nizam və dinclik gətirmişdir. Bunun ən əhəmiyyətli səbəblərindən biri də Hz. Muhəmmədin (s.ə.v) uca Allahın “… insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir…” (Nisa surəsi, 58) hökmünə əsasən insanlar arasında heç bir ayrı-seçkilik qoymadan ədaləti qorumasıdır.

Peyğəmbərimiz (s.ə.v) Məkkədən Mədinəyə hicrət etdikdən sonra da çox fərqli topluluqlarla qarşılaşmışdır. Belə bir mühitdə hz. Muhəmməd (s.ə.v) ictimai birliyi və sülhü təmin etmək məqsədiylə Mədinədəki müxtəlif dinlərin və düşüncələrin mənsublarını  ictimai müqavilələrlə birləşdirmiş, yüzdən çox topluluq ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq müxtəlif razılaşmalar əldə etmiş, onlarla uzlaşmağa çalışmışdır.1 T. W. Arnold, Peyğəmbərimizin (s.ə.v) qurduğu bu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:

“Əvvəllər tək bir əmrə belə qətiyyən itaət etməyən Ərəbistan, birdən-birə siyasi birlik halına gəldi və o mütləq komandirə özünü təslim etdi. Yüzəyaxın kiçik ictimai qrupdan meydana gələn və  düşmən olan qəbilələrdən hz. Muhəmməd (s.ə.v) birlik meydana gətirdi.” 2

Peyğəmbərimizin (s.ə.v) Allahın əmrlərini təbliğ etməyinin nəticəsində ortaya çıxan bu gözəl əxlaq nümunələri, elçilərin ictimai həyata gətirdikləri xoşniyyətli, sülhsevər, dinc nizamı da təsvir edir. Quran əxlaqının yaşandığı mühitdə isə eynilə yuxarıdakı nümunədə gördüyümüz kimi, sülh şəraitinin hakim olacağı məlumdur.

Osmanlı İmperiyasında fərqli fikir və mədəniyyətlərə göstərilən hörmət

Bir cəmiyyətdə sülhü və dincliyi təmin etmək üçün  fərqli inanc, düşüncə və mədəniyyətlərə sahib olan kəslərin şəxsiyyətlərini dəyişdirməyə çalışmadan onlara və inanclarına hörmət göstərmək lazımdır. Tarixdə mükəmməl “birlikdə yaşamaq sistemi” quran Osmanlı İmperiyası bunun ən gözəl nümunəsidir.Osmanlı dövrü rəhbərliyi altında yaşayan hər inancdan, hər fikirdən insan üçün xoşbəxtlik dövrü olmuşdur. Altı əsrdən çox  Osmanlı dövlətinin sərhədlərində yaşayan müxtəlif mədəniyyətdən, dindən və irqdən olan insanlar sülh və hüzur içində yaşamış, heç kim inancına, yaxud şəxsiyyətinə görə haqsızlığa uğradılmamışdır. Çünki Osmanlı üçün sadəcə müsəlman və türk olan xalqın rahatlığı və xoşbəxtliyi deyil, özünə tabe olan hər dildən və hər dindən olan insanın rahatlığı və xoşbəxtliyi əhəmiyyətli olmuşdur.İslam əxlaqının gərəyi olaraq Osmanlı padşahları, özlərindən kömək istəyənlərə hansı fikirdən, yaxud inancdan olduqlarından asılı olmayaraq kömək etmiş  və bunun Allaha qarşı olan məsuliyyətlərindən biri olduğunun şüurunda olmuşlar. Beləliklə, Osmanlı dövlətinin qurucusu olan Osman Bəydən başlayaraq Fateh Sultan Məhmət və digər padşahlar ədalətli rəhbərlikləri ilə bütün insanlığa nümunə olmuşlar. Onların zamanlarında müxtəlif dindən, düşüncədən olan insanlar bir yerdə sülh şəraitində yaşamışdır.Cəmiyyətdə irq, dil və etnik baxımdan heç bir ayrı-seçkilik olmamış, ictimai ədalət təmin edilmişdir. Hətta Fateh Sultan Məhmət dövründə öz istəkləriylə  Osmanlıya sığınan topluluqlar olmuşdur. Bu da insanların sultanın İslam əxlaqından qaynaqlanan ədalətli rəhbərliyindən nə dərəcədə məmnun olduqlarını göstərir.

Avropalı tarixçi Richard Peters İslam əxlaqını  ixlasla yaşayan türklərin əsrlər boyu ələ keçirdikləri bütün ölkələrdə ədaləti necə təmsil etdiklərini bu sözləriylə dilə gətirmişdir:

“Türklər əsrlər boyu bir çox millətə hökmranlıq etdilər, lakin onları özlərinə oxşatmağa əsla cəhd göstərmədilər. Onlara azadlıq verdilər, din və mədəniyyətlərini yaşamağa icazə verdilər.” 3

Bütün bu nümunələr göstərir ki, Osmanlı sərhədlərində, eyni torpaqlar üzərində müxtəlif millətdən, dindən və mədəniyyətdən olan insanlar rahat şəkildə yaşamışdır. Osmanlı idarəçiləri cəmiyyəti əmələ gətirən bu fərqli qruplara qarşı ədalətli davranmasaydılar, əlbəttə ki, belə köklü imperatorluq qura bilməz və bu insanları əsrlər boyu bir yerdə tuta bilməzdilər. Bu imperatorluq İslamın qazandırdığı ideallar və xüsusiyyətlər nəticəsində yüksək mədəni  səviyyəyə çatmışdır.

Nəticə: Müsəlmanların  uzlaşdırıcı və xoşniyyətli  əxlaqı cəmiyyəti birləşdirir

Verilən nümunələr göstərir ki, müsəlmanlar birlikdə yaşadıqları, fərqli din və mədəniyyətlərə mənsub olan xalqlarla ədalətli və xoşniyyətli davranmaqla məsuldurlar. Son günlərdə gündəmə gələn yanlış düşüncələrin əksinə olaraq, Quranda əmr edilən gözəl əxlaqla yetişən Müsəlman hər kəsə İslamın nəzərdə tutduğu sevgiylə yaxınlaşar, gözəlliyə və sənətə dəyər verər, hadisələr qarşısında  uzlaşdırıcı, gərginliyi azaldan, etidallı davranışlar göstərər. Belə üstün əxlaqlı insanların əmələ gətirdikləri cəmiyyətdə isə Allahın izni ilə yüksək inkişaf etmiş mədəniyyətin, yüksək ictimai əxlaq, sevinc, hüzur, ədalət, təhlükəsizlik, bolluq və bərəkətin hakim olacağı aşkardır.

Bəzi insanlar bu gerçəkləri bilmədikləri, yaxud yanlış məlumatlandırıldıqları üçün İslam əxlaqı haqda  səhv düşüncədə ola bilərlər. Lakin İslam əxlaqının müasirləşməyə, inanc azadlığına, düşüncə azadlığına, dövlətə və millətə zərər vermədiyi təqdirdə müxtəlif fikirlərə sevgi və hörmət ilə yaxınlaşmağa vəsilə olduğunu öyrəndikləri və gördükləri zaman Allahın izni ilə bu düşüncələri dəyişəcək. Sonsuz mərhəmət və qüdrət sahibi Rəbbimiz bir ayədə belə buyurur:

“De: “Haqq gəldi, batil  yox oldu. Çünki batil yoxluğa məhkumdur!” ” (İsra surəsi, 81)

” (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.” (Ğaşiyə surəsi, 21)

Mənbə:
1. Hamidullah, Muhammed, İslam Müesseselerine Giriş, Çev. 1. S. Sırma, Düşünce Yayınları, İstanbul, 1981, s. 330; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s. 87
2. Arnold, T. W, İntişar-ı İslam Tarihi (The Preaching of Islam), Çev. Halil Hamit, Ankara, 1971, s. 68-69
3. Toktamış Ateş, Osmanlı Toplumunun Siyasal Yapısı (Kuruluş Dönemi), Say Kitap Pazarlama, s. 116; Richard Peters, “Geshichte der Türken”, s. 8

HƏMÇİNİN BAX

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları

İnsanların hz. Mehdinin gözəl əxlaqından və ədalətindən razı olmaları Hz. Mehdinin vəsiləsi ilə İslam əxlaqının …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir